Arnolfini cütlüyünün portreti
Arnolfini cütlüyünün portreti (nid. Portret van Giovanni Arnolfini en zijn vrouw) — Bir Digər Adı İlə Arnolfini'nin Evlənməsi məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir; o, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir.
Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186). Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir.
Gözəlliyi, ikonoqrafiya kompleksi, həndəsi ortoqonal perspektivi, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nikah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqla, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilir. Ernst Qombriçə görə "İtaliyada Donatello və Mazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdir. Sanki real dünyanın sadə bir küncündə adi həyat səhnəsi sehrli çubuğun gözlənilməz hərəkəti ilə olduğu kimi kətan üzərində həkk edilmişdir… Tarixdə ilk dəfə rəssam sözün həqiqi mənasında ideal göz şahidi olmuşdur." Van Eyk tərəfindən 1434-cü ildə imzalanmış əsər, həmin rəssam və onun qardaşı Hubert tərəfindən işlənmiş Gent altarı ilə yanaşı tempera ilə yox, yağlı boya ilə işlənmiş ən qədim məlum əsərlərdir. Əsər 1842-ci ildə London Milli Qalereyasına gətirilmişdir.